ENG | RUS
/ Su haqqında

Hələ 2005-ci ildə ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI tərəfindən “İçməli suda olan nitriyentlər” adlı məruzə dərc edilmişdir.

A+ | A-

Həmin məruzədə həmçinin deminerallaşdırılmış, əks osmosa məruz qalmış suyun zərərli təsiri barədə məlumat da ehtiva olunurdu. İçməli suyun tərkibində olan mineral maddələrin və digər tərkib hissələrin nə dərəcədə əhəmiyyətli olması barədə biliklər minilliklər boyunca məlumdur, hətta qədim Hindistan Vedilərində belə bundan bəhs olunur. Riqvedin kitabında yaxşı içməli suyun xüsusiyyətləri bu cür təsvir olunur: “Şiitam (sərin), Suşixi (təmiz), Sivam (bioloji cəhətdən dəyərli olmalı, mineralları, eləcə də bir çox elementlərin izlərini ehtiva etməlidir), İstxam (şəffaf). Təbii sular geoloji və coğrafi mənşəyi etibarilə, həmçinin məruz qaldıqları emal nəticəsində tərkibinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Ekspertlər aşağıdakı nəticəyə gəlmişdir: Maqnezium və Kalsium – insan orqanizminə su vasitəsilə ümumi ehtiyaca verdiyi töhfəsini nəzərə almaq üçün kifayət qədər külli miqdarda daxil olan iki elementdir (sərt sudan istifadə etmək şərti ilə). Bu isə əhalidə ürək-damar xəstəliklərinin baş vermə tezliyinin azalmasına təsir edir. Ekspertlər sərt suyun istifadəsi ilə ürək-damar xəstəliklərinin baş vermə tezliyinin azalması arasındakı əlaqə haqqında fərziyyənin düzgün olduğunu, burada mühüm tərkib elementin isə maqnezium olduğunu qəbul edir. Lakin suyun tərkibində sağlamlığa müsbət təsir göstərən digər elementlər də mövcuddur.

“Su – insan orqanizmi üçün vacib olan makro və mikroelementlər mənbəyi olmalıdır...”

Hələ 1912-ci ildə içməli suyun fizioloji tamdəyərliliyi anlayışından istifadə etmək təklif olunmuş, insan orqanizmi üçün vacib olan və təbii suda ehtiva olunan anion və kationlar dəsti həmin termində birləşdirilmişdir. Sonrakı tədqiqatlar içməli suyun mineral tərkibinin əhəmiyyətli olduğunu təsdiq edərək, bir çox elmi işlərdə öz əksini tapmışdır. Xüsusilə də, 2003-cü ildə ÜST ekspertlərinin görüşündə təqdim olunmuş “Deminerallaşdırılmış içməli suyun istifadəsi nəticəsində sağlamlıqda baş verən fəsadlar” adlı məruzədə qeyd olunmuşdur ki: “Əvvəllər distillə etmə üsulu ilə, daha sonra əks osmos üsulu ilə əldə olunan, hazırda isə süni şəkildə emal edilən deminerallaşdırılmış su sənaye, texniki və laboratoriya məqsədləri üçün istifadə olunmalıdır”.

Son 50 il ərzində müxtəlif ölkələrdə aparılan epidemioloji tədqiqatlar ölümlə nəticələnən ürək-damar xəstəliklərinin sayının artması ilə yumşaq sudan istifadə arasında əlaqənin olduğunu göstərir. Yumşaq suyu sərt və maqneziumla zəngin olan su ilə müqayisə etdikdə qanunauyğunluq asanlıqla müşahidə olunur. Son tədqiqatlar göstərir ki, yumşaq, məsələn, kalsium cəhətdən kasıb olan sudan istifadə uşaqlarda sınıqların baş verməsi riskinin artmasına, neyrodegenerativ dəyişikliklərə, vaxtından əvvəl doğuşlara və yeni doğulmuş uşaqlarda çəki azlığına, xərçəngin bəzi növlərinə gətirib çıxara bilər. Qəfil ölüm riskinin yüksəlməsi ilə yanaşı ürək əzələsinin işinin pozulması, hamilələrdə gecikmiş toksikoz halları da maqnezium cəhətdən kasıb olan sudan istifadə ilə əlaqədardır. İçməli suyun həmin elementlərlə zəngin olmadığı inkişaf etmiş ölkələrdə belə qida məhsulları mikroelement, xüsusilə də maqnezium defisitini kompensasiya edə bilməz. Qida məhsullarının hazırlanması üzrə müasir texnologiyalar insanların əksəriyyətinin kifayət qədər mineral və mikroelement almağına imkan vermir. Hər hansı elementin kəskin defisiti zamanı, onun suda nisbətən az miqdarda olması belə əhəmiyyətli müdafiə rolunu oynaya bilər. Qida məhsullarının tərkibində müxtəlif birləşmələr halında mövcud olan maddələrdən fərqli olaraq, suda olan maddələr həll olmuş halda və ionlar şəklində mövcuddur ki, bu da onların insan orqanizmində daha asan adsorbsiya olunmağına imkan verir. Bəlkə də suyun mineral maddələrlə süni zənginləşdirilməsi üsullarından heç biri optimal deyil, belə ki, bütün mühüm mineral maddələrlə zənginləşdirmək mümkün deyil. Bu məsələ yalnız mineral maddələr kompleksi ilə zənginləşdirilməyən deminerallaşdırılmış içməli su üçün deyil, həm də tərkibindəki mineralların miqdarı mərkəzləşdirilmiş emal nəticəsində azaldılmış su üçün, eləcə də butulkalara qablaşdırılan zəif minerallaşdırılmış su üçün də aktualdır. Suyun deminerallaşdırılması yalnız əlçatan su ehtiyatlarının yüksək dərəcədə minerallaşdırılmış duzlu və ya dəniz suyu şəklində təqdim olunduğu hallarda tələb olunur. Bu isə təbii su ehtiyatların çatışmazlığı və demoqrafik artım, həyat keyfiyyəti standartlarının yüksəlməsi, sənayenin inkişafı və kütləvi turizmlə şərtləndirilən su sərfinin artması ilə əlaqədardır.

Emala uğramış suyun mineral maddələrlə zənginləşdirilmədən istifadəyə yararlı olmadığı əvvəlcədən məlum məsələ idi: deminerallaşdırılmış su çox aqressiv olduğundan, onu neytrallaşdırmaq tələb olunur; əks halda onun paylaşdırma sisteminə verilməsi, borulardan və su toplama çənlərindən keçməsi qeyri-mümkündür. Aqressiv su boruları sıradan çıxarır, metal və digər materialları onlardan yuyub aparır. Distillə edilmiş su “kasıb” dad xüsusiyyətlərinə malikdir; deminerallaşdırılmış (distillə edilmiş) su qeyri-kafi orqanoleptik göstəricilərə malik olmaqla yanaşı, həm də insan və heyvan orqanizminə mənfi təsir göstərir”.

Gigiyenik, orqanoleptik xüsusiyyətlərin və digər informasiyanın qiymətləndirilməsindən sonra alimlər deminerallaşdırılmış suyun tərkibi ilə bağlı tövsiyələrini təqdim etdi: 1) minimal minerallaşdırma 100 mq/l; hidrokarbonat ionlarının miqdarı 30 mq/l; kalsiumun miqdarı 30 mq/l; 2) optimal quru qalığı (xlorid-sulfatlı su üçün 250-500 mq/l, hidrokarbonatlı su üçün isə 250-500 ml); sübuta yetirilmişdir ki, mineral maddələr baxımından kasıb olan suyun istifadəsi homeostaz mexanizmlərinə, orqanizmdə mineral maddələrin və suyun mübadiləsinə mənfi təsir göstərir: mayenin xaric edilməsi sürətlənir. Bu, bioloji maddələrdən hüceyrədaxili və hüceyrədən kənar ionların yuyulub çıxarılması, onların mənfi balansı ilə əlaqədardır. Bundan başqa, orqanizmdə olan suyun ümumi miqdarı və su mübadiləsinin tənzimlənməsi ilə sıx əlaqədar olan bəzi hormonların funksional fəallığı dəyişir. Aparılmış eksperimentlər distillə edilmiş suyun və ya ümumi minerallaşdırması 100 mq/l olan suyun istifadəsinin: 1) sudan istifadənin, diurezin, hüceyrədən kənar maye həcminin, natrium və xlorid ionunun zərdabda konsentrasiyasının və onların orqanizmdən xaric olmasının sürətlənməsinə; nəticə etibarilə ümumi mənfi balansa gətirib çıxardığını; 2) qırmızı qan cisimlərinin miqdarının azalmasına səbəb olduğunu müəyyən etməyə kömək etdi. Bundan başqa triyodtiranin və aldosteron hormonlarının sintezinin azalması, kortizol sekresiyasnın artması və böyrəklərdə morfoloji dəyişikliklər qeydə alınmışdır. Buna görə də insan əks osmosa məruz qalmış suyu içdikdə bağırsaq natrium ionlarını orqanizmdən alaraq, həmin suya “əlavə etməlidir”. Maye heç vaxt orqanizmdən xalis su şəklində xaric olunmur. Onunla bərabər insan elektrolitləri də itirir ki, buna görə də onların ehtiyatını qida və su vasitəsi ilə artırmaq vacibdir. Mayenin orqanizmdə düzgün paylanmaması həyat əhəmiyyətli orqanların funksiyalarına da təsir edə bilər. İlk siqnallar – tez yorulma, zəiflik və baş ağrısı; bir qədər ciddi olanlar - əzələ qıcolmaları və ürək ritminin pozulmasıdır. Rusiyadakı ekoloji situasiyanın son tədqiqatları mineral maddə miqdarının az olduğu sudan istifadə edən əhalinin bir çox xəstəlik risklərinə məruz qaldığını göstərir. Bunlar: hipertenziya (arterial təzyiqin yüksək olması) və tac damarlarda dəyişiklik, mədə və on iki barmaq bağırsağın xorası, xroniki qastrit, ur xəstəliyi, hamilələrdə, yeni doğulmuş və südəmər körpələrdə sarılıq, anemiya, sınıqlar və boy artımı problemləri kimi ağırlaşmalardır. Minerallarla zənginləşdirirlməmiş, əks osmosa məruz qalmış və ya az miqdarda mineral maddə ehtiva edən su – zəruri mineral maddələrin çatışmadığı və ya mövcud olmadığı halda – heç də ideal məhsul hesab olunmur. Buna görə də onun mütəmadi istifadəsi bəzi əhəmiyyətli nutriyentlərin ümumi istifadəsinə adekvat töhfə verməmiş olur.